Azərbaycan Prezidenti ilham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi zamanı İranla Azərbaycanın münasibətlərinə toxunub.
“PostMedia” xəbər verir ki, ölkə başçısı jurnalistin İranın “Zəngəzur dəhlizi”nə münasibəti ilə bağlı sualını cavablandırarkən iki ölkə arasında çox yaxşı əlaqələrin olduğunu qeyd edib:
“İran Prezidenti Azərbaycana səfər edib, əslində, iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq.
Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır.
Bu, həqiqətən də yaxşı fürsətdir. Düşünürəm ki, bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur”.