N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

“Bakı Metropoliteni” yeni stansiyaların tikintisi ilə bağlı 35,4 milyon manatlıq müqavilə imzalayıb

24-iyul-2025
Türkan Nəbi
“Bakı Metropoliteni” yeni stansiyaların tikintisi ilə bağlı 35,4 milyon manatlıq müqavilə imzalayıb
Yazı Ölçüsü:

“AZCON Holding" şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə beynəlxalq təcrübəyə malik mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin “Yüksel Proje” şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start verilib.

Bu barədə “PostMedia”ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Bu “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Bakı Metropoliteni”ndə infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti mühüm addım hesab edilir.

Müqavilə çərçivəsində “Yaşıl xətt” üzrə “Y14–Y17” və “Bənövşəyi xətt” üzrə “B5–B8” stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi, “28 May” stansiyasında “Yaşıl” və “Qırmızı” xətlərin ayrılmasının layihələndirilməsi və “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Müqavilənin ümumi dəyəri 35,4 milyon manat təşkil edir və satınalma prosesi “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq bir mənbədən satınalma metodu ilə həyata keçirilib.

Vergi və inzibati öhdəliklərin Azərbaycan hüququna uyğun şəkildə icrası, qanunvericilik çərçivəsində fəaliyyət, eyni zamanda layihənin idarəolunmasında səmərəliliyi artırmaq məqsədilə müqavilə “Yüksel Proje” şirkətinin Azərbaycanda təsis etdiyi “Yüksel Proje” MMC ilə imzalanıb.

Qeyd edək ki, 45 ildən artıq beynəlxalq təcrübəyə malik olan “Yüksel Proje” adı dünyanın ən böyük 225 layihələndirmə şirkətinin müəyyən edildiyi ENR 2023 siyahısındadır. Şirkət bu günə qədər dünyanın 30-dan çox ölkəsində, eləcə də Türkiyənin bir sıra böyük şəhərlərində metro və dəmir yolu layihələrinin uğurla layihələndirilməsi və idarə edilməsində iştirak edib. Fəaliyyətində müasir texnologiyalara əsaslanan şirkət Tikinti İnformasiya Modelləşdirilməsi (BİM) metodologiyasından istifadə edir və “ISO 9001”, “ISO 14001” və “ISO 45001” beynəlxalq sertifikatlarına sahibdir.

Yeni əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr Bakı Metropoliteninin strateji inkişafına mühüm töhfə verəcək, şəhərin nəqliyyat yükünü azaldacaq, sərnişin rahatlığını əhəmiyyətli dərəcədə artıracaq.

Kateqoriyalar