Ermənistan mövcud infrastruktur vasitəsilə Kornidzor–Gorus–Yexeqnadzor–Yerask marşrutu üzrə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil əlaqəsini elə bu gün təmin etməyə hazırdır.
"PostMedia" xəbər verir ki, bunu martın 11-də Strasburqda Avropa Parlamentində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Pashinyan bildirib.
O, qeyd edib ki, Vaşinqton razılaşmasının bəndlərinə əməl etməyə tam hazırdır:
“Bu təklifimizin məqsədi Vaşinqton razılaşmalarını hər hansı şəkildə gecikdirmək, pozmaq və ya unudulmağa vermək deyil və bunu rəsmi şəkildə bəyan edirəm.
Biz bu təklifi ona görə edirik ki, özümüz də müəyyən alternativ variantlarla Azərbaycanın dəmir yolundan istifadə edirik. Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə əlaqənin qurulmasını gözlədiyi kimi, biz də Naxçıvan ərazisi vasitəsilə Ermənistanın cənubu ilə şimalı arasında dəmir yolu əlaqəsinin bərpa olunmasını gözləyirik.
Bu dəmir yolu marşrutunun Ermənistan üçün alternativi yoxdur, çünki ölkəmizin dağlıq relyefi cənub və şimal arasında başqa şəkildə dəmir yolu əlaqəsinin qurulmasına imkan vermir.
Gördüyünüz kimi, bu məsələdə Ermənistan və Azərbaycanın gözləntiləri bir-birinə zidd deyil. Həmçinin qeyd etmək istəyirəm ki, biz Gürcüstan–Azərbaycan dəmir yolundan ixrac həyata keçirmək üçün də istifadə etməyə hazırlaşırıq. Ümid edirəm ki, yaxın vaxtlarda Ermənistan üçün ixrac istiqamətlərindən biri də Azərbaycan olacaq.
Ermənistan artıq Azərbaycandan neft məhsulları idxal edir. Bu isə ölkəmizin bazarında neft məhsullarının qiymətlərinin azalmasına səbəb olub və bu sahədə onilliklər boyu mövcud olan monopoliyanı qırıb”.
Paşinyan çıxışı zamanı Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasına və ümumilikdə sülh prosesinə dəstək verdiyinə görə Gürcüstanın baş nazirinə də təşəkkür edib.