Azərbaycanla sərhəd dəmir yollarının bərpası Ermənistan-Rusiya əməkdaşlığında əsasdır - Erməni nazir
13-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Ermənistan hökuməti Rusiya ilə əməkdaşlıq çərçivəsində həm ölkədəki dəmir yollarının Azərbaycan sərhədi istiqamətində bərpası, həm də "Metsamor" Atom Elektrik Stansiyasının (AES) ikinci blokunun işləmə müddətinin uzadılması üzrə danışıqları davam etdirib.
"PostMedia"nın xəbərinə görə, Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan bildirib ki, Yerasxdan Azərbaycan sərhədinə olan dəmir yolu seqmentində Rusiya tərəfi ilə anlaşma yaxın günlərdə əldə edilə bilər. Hər iki tərəf bu seqmentlərin bərpasında Rusiya investisiyalarını cəlb etməyi nəzərdə tutur, lakin çətinlik yaranarsa, Ermənistan işləri müstəqil şəkildə həyata keçirə bilər.
Bundan əlavə, nazir və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin görüşdə "Metsamor" AES-in ikinci blokunun işləmə müddətinin uzadılması və ölkədə infrastruktur layihələrinin inkişafı məsələlərini müzakirə ediblər. Baş nazir Nikol Paşinyan bildirib ki, mövcud vəziyyət uğurla davam edərsə, AES-in işləmə müddəti 2046-cı ilə qədər uzadıla bilər.
Layihələr Ermənistanın enerji və nəqliyyat sahəsində Rusiya ilə strateji tərəfdaşlığını gücləndirir və regionda Azərbaycan sərhədində nəqliyyat və enerji təhlükəsizliyinin möhkəmlənməsində önəmli rol oynayır.