Türkiyədə Zəngəzur dəhlizinin 2030-cu ilə qədər istifadəyə verilməsi gözlənilir
13-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun açıqlamasına görə, 224 kilometr uzunluğunda Zəngəzur nəqliyyat dəhlizinin 2030-cu ilə qədər istismara verilməsi planlaşdırılır.
“Türkiyədə Zəngəzur dəhlizinin nəqliyyat sisteminin bir hissəsi olacaq 224 kilometrlik dəmir yolunun təməlqoyma mərasimi ötən il keçirilib və layihə üzrə işlər davam edir. Azərbaycan tərəfi də öz işlərini aparır. Ehtimal olunur ki, bu il Naxçıvanda işlərə başlanılsın. 2030-cu ilə qədər Zəngəzur dəhlizini istifadəyə verəcəyik”, — deyə nazir əlavə edib.
"PostMedia" xəbər verir ki, Türkiyə hakimiyyətinin daha əvvəl Türkiyənin şərqində yerləşən Qars şəhərindən Naxçıvana qədər uzanacaq dəmir yolu xəttinin istismara verilməsinin ildə təxminən 5 milyon sərnişin və 15 milyon ton yük daşınmasını təmin edəcəcəyini bildirib. Layihənin dəyəri 2,4 milyard avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, 8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı bəyanat imzalayıblar. Sənədə əsasən, Ermənistanın Sünik vilayəti ərazisindən keçən və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən nəqliyyat dəhlizi açılacaq. Bu marşrut “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” adlandırılacaq və onun idarəçiliyi birgə erməni–amerikan şirkətinə həvalə olunacaq. Türkiyədə isə bu marşrut Zəngəzur dəhlizi adlanır.