Ermənistan Türkiyə və Azərbaycanla sərhəddəki dəmir yolu stansiyalarının vəziyyətini yoxlayacaq
18-dekabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı keçirilən hökumət iclasındakı çıxışında Türkiyə və Azərbaycanla sərhəddə yerləşən dəmir yolu stansiyalarının vəziyyətini yoxlamağı tapşırıb.
"PostMedia" xəbər verir ki, müzakirələr hökumətin bugünkü iclasında İcevan yaxınlığındakı Getaovit kəndində stadion tikintisi üçün özəl torpaqların satın alınmasına təxminən 330 milyon dram (860 min dollar) ayrılması barədə qərardan sonra başlayıb. Bu stadion 2029-cu ildə keçiriləcək gənclər arasında futbol üzrə dünya çempionatı üçün (Ermənistan və Gürcüstanın birgə müraciəti çərçivəsində) arenalardan biri olmalıdır.
Bunun üçün Ermənistanda UEFA standartlarına uyğun 4 stadion lazımdır. Hazırda hökumət Vanadzordakı stadionu yenidən qurur, yaxın vaxtlarda isə "Akademik şəhərcik" layihəsi çərçivəsində milli stadionun layihəsi hazırlanacaq. Bundan əlavə, özəl investor Eçmiədzində stadion inşa edir.
Paşinyan diqqəti ona çəkib ki, İcevandakı futbol məktəbinin stadionu vaxtilə şəhərin dəmir yolu stansiyasının bilavasitə yanında tikilib. Azərbaycanla sərhədin açılması və bu istiqamətdə yük dövriyyəsinin perspektivləri fonunda, stansiyada yeni yük terminalı üçün yer qalmaya bilər.
Buna görə də digər sərhəd dəmir yolu stansiyalarının — Yerasx (Naxçıvanla sərhəddə) və Axuryan (Türkiyə ilə sərhəddə) ətrafındakı boş sahə normalarının qorunub-qorunmadığını yoxlamaq lazımdır.