Slovakiya Ukraynaya fövqəladə elektrik enerjisi tədarükünü dayandırır
23-fevral-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Slovakiyanın baş naziri Robert Fitso neft tranziti ilə bağlı yaranmış mübahisə fonunda Ukraynaya fövqəladə elektrik enerjisi tədarükünü dayandırmaq niyyətində olduğunu bəyan edib.
"PostMedia"nın məlumatına görə, "Facebook"da yayımladığı video-müraciətdə Fitso bildirib ki, vəziyyəti şəxsən Ukrayna prezidenti Vladimir Zelenski ilə müzakirə etmək istəyir, lakin Kiyev ona çərşənbə gününədək danışığın mümkün olmayacağını bildirib.
Baş nazirin sözlərinə görə, bu o deməkdir ki, Ukrayna Slovakiyadan elektrik şəbəkəsinin sabitləşdirilməsi üçün yardım istəsə belə, dəstək göstərilməyəcək. Dövlət elektrik şəbəkəsi operatoru SEPS-ə bu cür müraciətlərə cavab verməmək tapşırılıb.
Fitso qeyd edib ki, qərar Ukrayna “Drujba” neft kəməri ilə Slovakiyaya neft tranzitini bərpa edən kimi ləğv olunacaq. Müharibə nəticəsində infrastrukturun zədələnməsi ilə bağlı açıqlamalara baxmayaraq, o, boru kəmərinin işlədiyini və Kiyevin tranziti təmin etməkdən imtinasını “qəbuledilməz” adlandırıb.
Baş nazir həmçinin xəbərdarlıq edib ki, Ukrayna tərəfdən irəliləyiş olmazsa, qarşıdurmanın daha da kəskinləşməsinə hazırdır.