Rumıniyanın paytaxtında çoxmərtəbəli binada güclü partlayış olub
17-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Oktyabrın 17-si səhər saatlarında Rumıniyanın paytaxtı Buxarestdə çoxmərtəbəli yaşayış binasında güclü partlayış baş verib.
"PostMedia" "News.ro"ya istinadən xəbər verir ki, partlayış nəticəsində azı iki nəfər ölüb, 11 nəfər yaralanıb.
Partlayış Buxarestin Rahova məhəlləsinin 5-ci sektorunda yerləşən doqquzmərtəbəli binanın altıncı və ya yeddinci mərtəbəsində baş verib. Partlayışdan sonra yanğın başlayıb.
Zədələnmiş binanın şəkillərindən aydın görünür ki, partlayışın mərkəzində yerləşən mənzillərin xarici divarları və mərtəbələrarası örtüyü tamamilə dağılıb, ən azı bir neçə mənzil ciddi ziyan görüb, yaxınlıqdakı binaların pəncərələri sındırılıb.
İki nəfərin öldüyü təsdiqlənib. On bir nəfər müxtəlif xəsarətlər və yanıq yaraları alıb. Səhiyyə Nazirliyinin məlumatına görə, ən ağır vəziyyətdə olan beş nəfər xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam edir.
Partlayışdan sonra qonşu mənzillərin onlarla sakini və yaxınlıqda yerləşən təhsil müəssisəsinin tələbələri təxliyə edilib.
Hadisə yerinə təxminən iyirmiyə yaxın yanğınsöndürən texnikası, təcili yardım və digər xüsusi xidmət avtomobilləri cəlb olunub. Şahidlər binanın ətrafında güclü qaz qoxusu hiss olunduğunu bildiriblər.