Araqçi İranda baş verən etiraz aksiyalarında ölənlərin sayını açıqlayıb
23-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
İranın xarici işlər naziri Abbas Araqçi X sosial media platformasında ölkədə keçirilən etiraz aksiyaları zamanı qeydə alınan ölənlərin sayının 3 000 nəfəri keçdiyini bildirib.
"PostMedia" xəbər veri ki, Araqçi bunu “İranda son vaxtlar baş vermiş terror aktlarının yaratdığı xaosun nəticəsi” kimi qiymətləndirərək aşağıdakı rəqəmləri paylaşıb:
Ümumi itkilər: 3 117 nəfər
Mülki şəxslər və təhlükəsizlik qüvvələri: 2 427 nəfər
Terrorçular: 690 nəfər
Xarici işlər naziri iğtişaşlar zamanı vurulan maddi zərər barədə də məlumat verib, dağıdılmış mağazaların, bankomatların, zədələnmiş binaların və avtomobillərin sayını sadalayıb. Zərər görmüş binalar arasında iki erməni kilsəsinin də olduğu qeyd edilib.
Etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonlarında, İran rialının kəskin dəyər itirməsindən sonra başlayıb. İran baş verən iğtişaşlara görə xarici qüvvələri, xüsusilə ABŞ və İsraili günahlandırır.
Daha əvvəl İranın ali rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampı ölkəyə insan tələfatı və maddi ziyan vurmaqda ittiham etmişdi.