Tbilisi məhkəməsi Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariyaya qiyabi həbsi qərarı verib
13-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın qiyabi həbsinə dair qərar çıxarıb.
"PostMedia" “NewsGeorgia” saytına istinadən xəbər verir ki, Qaxariya daxili işlər naziri vəzifəsində çalışdığı dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Prokurorluğun iddiasına əsasən, 2019-cu ilin avqustunda Qaxariya Tsxinvali bölgəsi ilə inzibati sərhəddə olan Çorçana kəndində polis nəzarət-buraxılış məntəqəsi yaratmaq barədə təkbaşına qərar verib. Bu addım separatçı qüvvələrin cavab tədbirlərinə səbəb olub və nəticədə təxminən 100 hektar meşə sahəsi işğalçı qüvvələrin nəzarətinə keçib.
Siyasətçiyə qarşı ikinci cinayət işi isə 2019-cu ilin 20–21 iyun tarixlərində Tbilisidə keçirilən “Qavrilov gecəsi” etiraz aksiyasının zorakı yolla dağıdılması ilə bağlıdır. Məhkəmə bu iş üzrə Qaxariyanın barəsində ilkin həbs qərarının verilib-verilməyəcəyini bu gün daha sonra müzakirə edəcək.
Qaxariyanın vəkilləri ittihamları siyasi sifariş adlandırırlar. Onların sözlərinə görə, “Gürcü Arzusu” partiyasının qurucusu və milyarder Bidzina İvanişvili şəxsən Qaxariyanın müxalifətə keçdiyi üçün “cəza alacağını” bəyan edib.