Polşada dəmir yolunda ötən həftəsonu baş vermiş diversiyaların arxasında Rusiya xüsusi xidmət orqanları dayanıb.
"PostMedia" xəbər verir ki, bu barədə Polşanın Daxili İşlər Nazirliyinin rəhbərinin mətbuat xidmətindən bildirilib.
Polşa hökumətinin sözçüsü istintaqın detalları barədə məlumat verməkdən imtina edib, çünki həmin məlumatların Rusiya kəşfiyyat xidmətlərinin əlinə keçə biləcəyindən ehtiyat edir.
Bundan əvvəl Polşa hakimiyyəti noyabrın 16-da Ukrayna sərhədinə aparan dəmir yolunda baş vermiş iki insident barədə məlumat yaymışdı.
Baş nazir Donald Tuskun sözlərinə görə, Varşava və Lyublin arasında dəmir yolunun bir sahəsi “misilsiz diversiya” nəticəsində partladılıb. Jicin şəhəri yaxınlığında relslərdəki zədələnməni keçən qatarın maşinisti aşkarlayıb və təcili dayanmağa məcbur olub.
Bir qədər sonra isə eyni xətt üzrə hərəkət edən sərnişin qatarı yerüstü kabelin zədələnməsi səbəbindən təcili dayanma edib. Kəsilmiş kabel vaqonlardan birinin pəncərəsini deşib. Hər iki hadisə zamanı xəsarət alan olmayıb.