Almaniyanın ənənəvi pivə festivalı “Oktoberfest” Münhendə baş verən partlayışlarla əlaqədar müvəqqəti olaraq dayandırılıb.
"PostMedia" "Der Spiegel"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları festival keçirilən ərazilərdə yoxlamalar aparır və təhlükəsizlik tədbirlərini gücləndirib.
Polisin məlumatına görə, hazırda partlayışların festivalla əlaqəsinin olub-olmadığı araşdırılır. Xüsusilə "Tereziya çəmənliyi" daxil olmaqla festival meydançalarında əlavə yoxlamalar aparılır. Bütün işçilər təhlükəsizlik səbəbindən ərazidən çıxarılıb.
Münhenin meri Diter Rayter açıqlayıb ki, festival meydançası ən tez yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00) açılacaq.
Qeyd edək ki, bu il 190-cı yubiley “Oktoberfest”i 20 sentyabrdan 5 oktyabra qədər keçirilir.
Hadisə 1 oktyabr səhəri Lerxenauer-ştrasse küçəsində qeydə alınıb. "Bild" nəşrinin məlumatına görə, partlayış ailə evində yaşayan bir kişi tərəfindən törədilib. O, ağır xəsarət alaraq ölüb, binada isə yanğın başlayıb.
Polis genişmiqyaslı əməliyyat keçirib, sakinləri və məktəbli uşaqların valideynlərini hadisə yerindən uzaq durmağa çağırıb. Yaxınlıqdakı məktəb də müvəqqəti bağlanıb. İlkin məlumatlara görə, baş verən yanğın və partlayış ailədaxili münaqişə ilə bağlı olub.