Dünyanın ən varlı adamı – İlon Mask insanların bilməsini istəyir ki, pul onu xoşbəxt etməyib.
“Pul xoşbəxtlik gətirmir" deyən hər kəs əslində nədən danışdığını bilirdi”, – Mask "X" sosial şəbəkəsində yazıb və kədərli emoji əlavə edib.
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri hazırda dünyanın ən varlı adamıdır. "Bloomberg Billionaires Index"in məlumatına görə, onun sərvəti 668 milyard dollar qiymətləndirilir. İkinci yerdə 285 milyard dollar sərvətlə Larri Peyc qərarlaşıb.
İlin əvvəlindən Maskın sərvəti 49 milyard dollar artıb. Buna SpaceX-in yüksək qiymətləndirilməsi və onun süni intellekt startapı xAI ilə bağlı birləşmə xəbərləri təsir edib.
Bəs Mask haqlıdırmı deyərkən ki, pul xoşbəxtlik gətirmir?
Araşdırmalar göstərir ki, pul müəyyən həddə qədər xoşbəxtlik gətirə bilər, lakin ultra zənginlər üçün bu təsirin bir limiti var.
Lester Universitetinin sosiologiya üzrə dosenti Devid Bartram Business Insider-ə bildirib ki, sərvət və xoşbəxtlik arasında əlaqə var, lakin bu əlaqə azalan gəlirlilik prinsipinə əsaslanır: “Bir neçə milyonunuz olduqdan sonra, əlavə pulların xoşbəxtliyinizə demək olar ki, heç bir təsiri olmur”.
Onun sözlərinə görə, həddindən artıq varlı insanlar üçün xoşbəxtlik daha çox dünyaya və ətrafdakılara fayda vermək, qayğı və xeyirxahlıq göstərmək hissindən qaynaqlanır.
2021-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinin tədqiqatçısı Metyu Killinqsvortun apardığı araşdırma göstərib ki, insanın gəliri artdıqca xoşbəxtlik və rifah səviyyəsi də yüksəlir. Lakin 2024-cü ildə dərc etdiyi məqaləsində o qeyd edib ki, gəlir artdıqca xoşbəxtlik üçün lazım olan məbləğ də daim dəyişən hədəfə çevrilir.
Mask bu mövzuda “People by WTF” podkastında Nikil Kamath ilə söhbətində də danışıb: “Çalışın aldığınızdan daha çox verəsiniz. Cəmiyyətin fəal üzvü olun. Əgər maliyyə baxımından dəyərli bir şey yaratmaq istəyirsinizsə, sərvətə yox, faydalı məhsul və xidmətlərin yaradılmasına fokuslanın. Pul onda öz-özünə gələcək”.
Onun son paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub – razılıqdan tutmuş kəskin tənqidlərədək.
“250 milyard dolların olanda bunu demək asandır”, – istifadəçilərdən biri yazıb. Digəri isə qeyd edib: “Pul xoşbəxtlik almır, amma yoxsulluq heç nə almır. Zəngin olmaqla rahat yaşamaq arasında böyük fərq var”.
Bəziləri isə Maskı dəstəkləyib: “Araşdırmalar göstərir ki, müəyyən gəlir səviyyəsindən sonra xoşbəxtlik sabitləşir. Daha çox pul sizi daha xoşbəxt etmir”.
Başqa bir istifadəçi isə yazıb: “Pul xoşbəxtlik almır, amma təhlükəsizlik, səhiyyə, təhsil və maliyyə stressindən azadlıq təmin edir – bu da demək olar ki, xoşbəxtlik kimidir”.
Müzakirələr bərabərsizlik və sosial imtiyazlar mövzusunu yenidən gündəmə gətirib. Araşdırmalar göstərir ki, pul əsas ehtiyaclar ödənilənə qədər rifahı artırır, lakin həddindən artıq sərvət və xoşbəxtlik arasındakı əlaqə hələ də mürəkkəb və qeyri-müəyyən olaraq qalır.