—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Rusiyada yaşayan həmvətənlərimizin diqqətinə: Qaydalar sərtləşdirilir

18-fevral-2026
Türkan Nəbi
Rusiyada yaşayan həmvətənlərimizin diqqətinə: Qaydalar sərtləşdirilir
Yazı Ölçüsü:

Rusiyalı qanunvericilər miqrantlara dair tələblərin daha da sərtləşdirilməsini təklif edirlər.

"PostMedia" xəbər verir ki, Dövlət Dumasının Əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin sədri Yaroslav Nilov TASS-a açıqlamasında Rusiyaya turist kimi daxil olan xarici vətəndaşların sonradan iş məqsədini seçməsinin məhdudlaşdırılmalı olduğunu bildiib.

Onun sözlərinə görə, hazırda vizasız rejimlə ölkəyə gələn şəxslər miqrasiya kartında səfər məqsədi kimi “turizm” və ya “iş” variantlarından birini qeyd edir. Lakin turist kimi gələn bəzi şəxslər sonradan sənəd təqdim edərək işləməyə başlayır və müvafiq icazə alırlar.

Nilov bu praktikanın düzgün olmadığını və dəyişdirilməli olduğunu vurğulayıb.

O, bildirib ki, əcnəbilər Rusiyaya gəlməzdən əvvəl səfərlərinin məqsədini dəqiq bilməlidirlər. Deputatın sözlərinə görə, əgər şəxs turist kimi gəlibsə, ölkəni də turist kimi tərk etməlidir. İş üçün gələnlər isə bunu əvvəlcədən bəyan etməli və müvafiq miqrasiya sənədlərini dərhal doldurmalıdırlar.

Nilov qeyd edib ki, sonradan qərar dəyişmək düzgün yanaşma deyil. Onun fikrincə, planını dəyişən şəxs ölkəsinə qayıdaraq qərarını yenidən dəyərləndirməli, daha sonra iş məqsədilə yenidən Rusiyaya gəlməlidir.

Təklif edilən dəyişikliklər miqrasiya prosesinə nəzarəti gücləndirməyi hədəfləyir. Rəsmilər hesab edirlər ki, bu addımlar qeyri-qanuni məşğulluğun qarşısının alınmasına kömək edəcək.

Yeni qaydaların miqrasiya axınını daha şəffaf və tənzimlənən hala gətirəcəyi gözlənilir. Bu təşəbbüs yaxın vaxtlarda qanunvericilik səviyyəsində müzakirəyə çıxarıla bilər. Ümumilikdə isə məqsəd miqrasiya siyasətində daha sərt və ardıcıl mexanizmlərin formalaşdırılmasıdır.

Kateqoriyalar