—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Afrikada 300 milyondan çox insan təmiz içməli sudan məhrumdur – BMT

11-fevral-2026
Admin
Afrikada 300 milyondan çox insan təmiz içməli sudan məhrumdur – BMT
Yazı Ölçüsü:

Afrika əhalisinin təxminən 20 %-i, yəni 300 milyondan çox insan hələ də təmiz və təhlükəsiz içməli suya çıxış imkanından məhrumdur.

"PostMedia" xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatet Addis-Abebada Afrika İttifaqının İcraiyyə Şurasının 48-ci sessiyasının açılışında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Afrika İttifaqının 2063 Gündəliyində əsas məqsədlərdən biri suya və təhlükəsiz sanitariya xidmətlərinə dayanıqlı çıxışın təmin edilməsidir. Qatet vurğulayıb ki, su və sanitariya yalnız sosial xidmətlər deyil, eyni zamanda iqtisadi infrastrukturun əsas elementləridir.

Bildirilib ki, qitədə təxminən 780 milyon insan da lazımi sanitariya şəraitindən məhrumdur. Su ilə əlaqəli xəstəliklər, xüsusilə vəba, ishal və qarın yatalağı Afrikada minlərlə insanın həyatına son qoymaqda davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Afrikada hər saatda təxminən 115 nəfər qarşısı alına bilən xəstəliklərdən həyatını itirir. Bu vəziyyətin iqtisadi təsirləri də son dərəcə ciddi qiymətləndirilir.

Qatet bildirib ki, zəif su təchizatı və sanitariya şəraiti əmək məhsuldarlığını azaldır, səhiyyə xərclərini artırır və investisiyaların qarşısını alır. Onun sözlərinə görə, sənaye müəssisələri etibarlı su təchizatına, kənd təsərrüfatı sahələri suvarmaya, şəhərlər isə müasir kanalizasiya sistemlərinə ehtiyac duyur.

Vurğulanıb ki, etibarlı su infrastrukturu olmadan sənaye zonaları rəqabət qabiliyyətini qoruya bilmir, logistika mərkəzləri genişlənə bilmir və şəhər iqtisadiyyatı dayanıqlı inkişaf göstərə bilmir. BMT rəsmisi Afrikada su və sanitariya sahəsində sistemli islahatların və iri həcmli investisiyaların zəruriliyini xüsusi qeyd edib.

Kateqoriyalar