Yaponiyada sakinlərə ABŞ hərbi bazasının təyyarə səs-küyünə görə 16,3 milyon dollar ödəniləcək
29-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Yaponiya məhkəməsi ölkə hökumətini ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Kadena aviabazasından qalxan təyyarələrin yaratdığı səs-küyə görə Okinava prefekturasında yerləşən Kadena şəhərinin sakinlərinə təxminən 16,3 milyon ABŞ dolları məbləğində kompensasiya ödəməyə məcbur edib.
"PostMedia" xəbər verir ki, bu barədə Pentaqona məxsus "Stars and Stripes" qəzeti məhkəmə sənədlərinə istinadla xəbər verib.
Məhkəmə qərarında bildirilib ki, Amerika hərbi təyyarələrinin səs-küyü sakinlərin gündəlik həyatına ciddi təsir göstərir və onlara narahatlıq, əsəbilik, yuxu pozuntusu, eləcə də təyyarə səs-küyü fonunda mümkün qəzalara dair psixoloji gərginlik kimi mənəvi zərər vurur.
Sakinlər 2019-cu ilin əvvəlindən 2025-ci ilin ortalarına qədər məruz qaldıqları zərərə görə kompensasiya alacaqlar. Ödəniləcək məbləğ sakinlərin bazaya olan məsafəsindən və orada nə qədər müddət yaşamasından asılı olacaq.
Eyni zamanda məhkəmə iddiaçıların ABŞ Hərbi Hava Qüvvələrinin bazadakı fəaliyyətinin məhdudlaşdırılması tələbini rədd edib, çünki Yaponiya hökumətinin buna dair səlahiyyəti yoxdur. Məhkəmə nümayəndəsi qəzetə bildirib ki, kompensasiya alacaq şəxslərin dəqiq sayı hələ məlum deyil - 5 mindən çox iddiaçıdan bəziləri iddialarını geri götürə və ya yekun qərara qədər həyatda olmaya bilərlər.
Qeyd edək ki, Kadena bazası ABŞ Hərbi Hava Qüvvələrinin ölkə xaricindəki ən böyük bazasıdır və Yaponiyanın cənubunda, Okinava adasında yerləşir. Qəzetin yazdığına görə, yerli sakinlər 1980-ci illərdən bəri bazadan qalxan təyyarələrin səs-küyündən şikayət edir və dəfələrlə məhkəməyə müraciət ediblər. Ən böyük işlərdən biri 2017-ci ildə yekunlaşıb və hökumət 22 mindən çox sakinə ümumilikdə təxminən 265 milyon dollar kompensasiya ödəməyə məcbur edilib.