Türkiyə XİN HƏMAS-la Qəzza üzrə sülh planının ikinci mərhələsini müzakirə edib
27-yanvar-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Fələstin HƏMAS hərəkatının nümayəndə heyəti ilə danışıqlar aparıb. Nümayəndə heyətinə HƏMAS-ın siyasi bürosunun üzvü Xəlil əl-Həyyə rəhbərlik edib.
"PostMedia" "Habertürk"ə istinadən xəbər verir ki, görüşün əsas mövzusu Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin icrası olub.
Bir gün əvvəl HƏMAS nümayəndələri Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla da görüşüblər. Görüşlərdə Ankaranın münaqişənin nizamlanmasında vasitəçilik rolu, eləcə də Qəzzanın idarə olunması komitəsinin fəaliyyəti müzakirə edilib.
Qeyd edək ki, 2025-ci il oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təklif etdiyi Qəzza sülh planının birinci mərhələsinin icrasına razılaşıblar. Oktyabrın 10-da Qəzza zolağında atəşkəs qüvvəyə minib, İsrail qoşunları isə anklavın yarıdan çoxuna nəzarəti saxlayaraq “Sarı xətt” adlanan mövqelərə geri çəkilib.
Razılaşmanın ikinci mərhələsi İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və anklavda idarəetmə orqanlarının, o cümlədən Sülh Şurasının fəaliyyətə başlamasını nəzərdə tutur.