Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolların “Sülh Şurası”na yönəldilməsi ideyasının yeni əməkdaşlıq perspektivləri açdığını bildirib.
"PostMedia" xəbər verir ki, onun sözlərini TASS agentliyi yayıb. Peskov qeyd edib ki, bu təşəbbüs qarşılıqlı fəaliyyət üçün yeni üfüqlər yarada bilər.
“Bu ideya, şübhəsiz ki, yeni imkanlar açır. Hələlik isə hər hansı reaksiya yoxdur”, – deyə o vurğulayıb. Peskov həmçinin ABŞ prezidenti Donald Trampın bu təşəbbüsü maraqlı fikir kimi dəyərləndirdiyini xatırladıb.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, ABŞ-ın əvvəlki administrasiyası dövründə dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolların “Sülh Şurası”na ayrılmasına Moskva hazırdır. Onun sözlərinə görə, bu addım təşəbbüsün beynəlxalq xarakteri və qlobal sabitliyin möhkəmləndirilməsində Rusiyanın maraqları nəzərə alınmaqla atıla bilər.
Bununla yanaşı, Moskva dəfələrlə bəyan edib ki, Rusiya Federasiyasının razılığı olmadan dondurulmuş aktivlərlə bağlı istənilən addım qanunsuz hesab olunacaq. Rəsmi Moskva belə halların cavab tədbirlərinə səbəb olacağını vurğulayıb.