Prezident İlham Əliyev Trampa “Sülh Şurası”na dəvətə görə təşəkkür edib
21-yanvar-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və Qəzza zolağında sülhün təmin olunmasını hədəfləyən beynəlxalq “Sülh Şurası”na təsisçi dövlət qismində qoşulmaq dəvətini qəbul edib.
"PostMedia" xəbər verir ki, məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Xatlrladaq ki, Tramp yanvarın 16-da “Sülh Şurası” adlı beynəlxalq təşkilatın yaradıldığını elan edərək Azərbaycanı bu qurumun təsisçi üzvlərindən biri olmağa dəvət edib. Azərbaycan Respublikası bu dəvəti qəbul edib və ABŞ tərəfinə təşkilatda təsisçi dövlət kimi iştirak etmək niyyəti barədə məlumat verib. XİN-də bildirilib ki, yaxın vaxtlarda ABŞ-a bu qərarı təsdiqləyən rəsmi məktub göndəriləcək.
Mövzu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də ABŞ prezidenti Donald Trampa məktub ünvanlayaraq dəvətə görə təşəkkür edib. Dövlət başçısı bu addımı Azərbaycan–ABŞ münasibətlərində qarşılıqlı hörmətə və faydalı tərəfdaşlığa əsaslanan əməkdaşlığın göstəricisi kimi qiymətləndirib.
“Bu dəvəti Azərbaycanın regionda və qlobal miqyasda sülh və sabitliyin təşviqində oynadığı rolun tanınması kimi qəbul edirəm,” — deyə Prezident İlham Əliyevin məktubunda qeyd olunub.
Azərbaycan lideri vurğulayıb ki, Bakı “Sülh Şurası”na qoşularaq onun əsas məqsədini — Qəzza sektorunda münaqişəyə son qoymaq və bu uzunmüddətli qarşıdurmadan zərər çəkmiş bütün insanlar üçün daha təhlükəsiz və firavan gələcək qurmaq missiyasını bölüşüb.
Prezident Əliyev, həmçinin, “Sülh Şurası”nın effektiv beynəlxalq platformaya çevriləcəyinə və üzərinə düşən missiyanı uğurla yerinə yetirəcəyinə inandığını bildirib.
Xatırladaq ki, İsrail və HƏMAS hərəkatı 9 oktyabr 2025-ci ildə Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin icrası barədə razılığa gəliblər. Qəzzada atəşkəs rejimi 10 oktyabrda qüvvəyə minib. Razılaşmaya əsasən İsrail qoşunları “sarı xətt” adlanan mövqelərə çəkilib və anklav ərazisinin 50 faizindən çoxuna nəzarəti saxlayıb.
Donald Tramp daha əvvəl bəyan edib ki, keçid dövründə Qəzzada xarici idarəetməni həyata keçirəcək “Sülh Şurası”na şəxsən rəhbərlik edəcək. ABŞ administrasiyasının rəhbəri noyabr ayında bildirib ki, bu quruma “çox vacib və çox hörmətli dövlətlərin” liderləri daxil olacaq.