—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

"Toyota" "Highlander"i tam elektrik avtomobilinə çevirdi

17-fevral-2026
Türkan Nəbi
"Toyota" "Highlander"i tam elektrik avtomobilinə çevirdi
Yazı Ölçüsü:
"Toyota" "Highlander" krossoverinin ən son nəsli artıq tam elektrik avtomobili kimi təqdim olunub.
"PostMedia" "Drom.ru"ya istinadən xəbər verir ki, beşinci nəsil modelin dünya premyerası fevralın 11-nə keçən gecə ABŞ-da baş tutub.
Toyota-da hesab edirlər ki, Şimali Amerika bazarında ailəvi alıcılar getdikcə daha çox daxiliyanma mühərriki olmayan avtomobillərə üstünlük verəcəklər. Məhz bu tendensiya Highlander modelinin radikal şəkildə yenilənməsinin əsas səbəbi olub.
Yeni modelin ümumi uzunluğu, eni və hündürlüyü müvafiq olaraq 5050, 1989 və 1709 mm təşkil edir. Ölçülərə görə yeni "Highlander" əvvəlki versiyadan təxminən 10 sm daha böyük, eyni zamanda uzadılmış "Grand Highlander" modelindən 6,6 sm daha qısadır.
Təkər bazası 3050 mm-dir ki, bu da əvvəlki "Highlander"in "Grand" versiyasından 104 mm daha uzundur. Uzadılmış təkər bazası, digər üstünlüklərlə yanaşı, döşəmənin altında yerləşdirilən dartıcı batareyaların quraşdırılmasını da asanlaşdırıb.
Yeni modelin dizaynı təmiz, lakonik formalar və vizual olaraq vurğulanmış dam xətti ilə seçilir. Qeyd edək ki, "Toyota" əvvəlcə "Highlander"i qatlanan xarici qapı tutacaqları ilə təchiz etməyi planlaşdırsa da, son anda bu fikirdən daşınıb və ənənəvi mexanizmə üstünlük verib. Qatlanan tutacaqlar soyuq havada donması və istifadədə narahatlığı səbəbindən tənqid olunub. Üstəlik, 2027-ci ildən etibarən bu cür mexanizmlər Çində qadağan ediləcək, digər ölkələrdə də analoji məhdudiyyətlərin tətbiqi istisna edilmir.
Avtomobilin salonunda 12,3 düymlük rəqəmsal cihaz paneli və 14 düymlük iri multimedia ekranı yerləşdirilib. Oturacaq quruluşu 2+3+2 olmaqla üç sıradan ibarətdir. Döşəmə tamamilə hamardır. Baqaj həcmi standart vəziyyətdə 450 litr, üçüncü sıra oturacaqlar qatlandıqda isə 1292 litr təşkil edir.
Baza versiya ön ötürücülü olub, 221 at gücü və 268 Nm fırlanma anına malik elektrik mühərriki ilə təchiz edilib. Enerji mənbəyi 77 kVt·saat tutumlu litium-ion batareyadır. Bir doldurma ilə 460 km məsafə qət etmək mümkündür.
Tam ötürücülü versiya iki elektrik mühərriki ilə təchiz olunur və 338 at gücü, 438 Nm birgə fırlanma anı təqdim edir. Bu variant ya standart batareya, ya da 95,8 kVt·saat tutumlu batareya ilə təklif olunur. Böyük batareya ilə yürüş məsafəsi 512 km-ə çatır.
Elektriklə işləyən "Toyota Highlander" şirkətin Şimali Karolina ştatının Kentukki şəhərində yerləşən zavodunda istehsal olunacaq, çünki əsas hədəf bazar ABŞ hesab olunur. Satışların ilin ikinci yarısında başlaması planlaşdırılır, qiymətlər isə təxminən 50 min dollardan başlayacaq.
Qeyd edək ki, "Toyota Highlander XU70" modelinin əvvəlki nəsli 2019-cu ildən istehsal olunur.
Kateqoriyalar