Avropa İttifaqına üzv olan 27 ölkə, o cümlədən Macarıstan, Aİ-nin Sülh Fondundan Ermənistana 20 milyon avro məbləğində dəstək ayrılmasını təsdiqləyib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, qərar bu gün qəbul edilib.
Ermənistan ötən il fonddan dəstək almaq üçün müraciət etmişdi, lakin Macarıstan bu prosesi bloklamışdı. Rəsmi Budapeşt bildirmişdi ki, Ermənistanın dəstək almasına etiraz etmir, şərtlə ki, eyni həcmdə yardım Azərbaycana da göstərilsin. Lakin diplomatik görüşlər və pərdəarxası danışıqlardan sonra Macarıstan mövqeyini dəyişib.
Ermənistan Avropa fondundan artıq ikinci dəfədir dəstək alır. İlk yardım 2024-cü ilin iyulunda 10 milyon avro məbləğində verilmişdi.
Bu dəfə ayrılan vəsait ikiqat artırılıb. Prioritet istiqamət kimi Ermənistan silahlı qüvvələrinin və müdafiə qabiliyyətinin gücləndirilməsi göstərilib — logistika və tibbi avadanlıqların təmin edilməsi, eləcə də zəruri texniki təlimlərin keçirilməsi yolu ilə. Ayrılan vəsait növbəti 35 ay üçün nəzərdə tutulub.