ABŞ Prezidenti Donald Tramp Çin mənşəli "TikTok" sosial media platformasının ABŞ-dəki payının "Oracle" və "Silver Lake" şirkətlərinin rəhbərlik etdiyi investor konsorsiumu tərəfindən alınacağını təsdiqləyib.
"PostMedia" xəbər verir ki, bu barədə o, "Truth Social" səhifəsində paylaşım edib.
Trampın sözlərinə görə, "TikTok" prezident seçkiləri zamanı gənclər arasında onun populyarlığında mühüm rol oynayıb. O, ABŞ vitse-prezidenti Ceyms Devid Vensə və administrasiyanın digər rəsmilərinə platformanın çinli sahibləri ilə razılaşmanın asanlaşdırılmasına görə təşəkkür edib, həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpini bu qərarın qəbulunda göstərdiyi “tədbirlilik” üçün minnətdarlıqla qeyd edib.
Vəzifəyə başladıqdan sonra Tramp icra sərəncamı imzalayaraq "TikTok"un qadağan edilməsini 75 gün müddətinə təxirə salıb. Sərəncama əsasən, video platforması xidmətinin 50 faizi amerikalı investorlara satılacağı təqdirdə, "TikTok" ABŞ-də fəaliyyətini davam etdirə biləcək.
Tramp daha əvvəl administrasiyanın "ByteDance" üçün potensial amerikalı alıcıların siyahısına malik olduğunu və bu məsələnin Si Cinpinlə müzakirə edildiyini bildirmişdi. Daha sonra o, platformanın fəaliyyətinin dayandırılması müddətini 2025-ci il dekabrın 16-dək uzadıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin maliyyə naziri də Çinlə "TikTok" məsələsi üzrə danışıqlar aparıldığını açıqlamışdı.