Fransanın avtomobil istehsalçısı “Renault” ölkənin silahlı qüvvələri üçün uzaqmənzilli zərbə pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başladığını elan edib.
“PostMedia” xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri məlumat yayıb.
Şirkət bu layihəni Fransanın Silahlanma üzrə Baş İdarəsi (DGA) ilə bağlanmış müqavilə çərçivəsində, müdafiə sənayesi podratçısı Turgis Gaillard ilə əməkdaşlıq şəraitində həyata keçirir.
Yeni PUA-lar həm kəşfiyyat, həm də zərbə missiyalarını yerinə yetirə bilən uzaqmənzilli aparatlar kimi hazırlanır.
Onları müasir münaqişələrdə geniş istifadə olunan "Shahed" tipli "ucuz uçan minalar" (kamikadze dronlar) ilə müqayisə edirlər.
Gələcək aparatların qanad açılışı təxminən 10 metr olacaq ki, bu da onları bir çox ənənəvi dronlardan xeyli böyük edir.
İstehsal “Renault”un Fransadakı iki zavodunda təşkil olunacaq. Belə ki, “Le Man” zavodu PUA-ların gövdələrinin yığılmasına cavabdeh olacaq, “Kleon” zavodu isə aparatların uçuşu üçün zəruri olan mühərrikləri istehsal edəcək.
Qeyd olunur ki, “Renault” bilavasitə döyüş yükünə (silah və avadanlıqlar) cavabdeh olmayacaq, bu hissələr ayrıca tədarük ediləcək.
İlkin plan sınaqlar üçün təxminən 10 ədədlik kiçik partiyanın istehsalını nəzərdə tutur. Sınaqlar uğurlu keçərsə, tərəflər 10 il müddətinə ümumi dəyəri təxminən 1 milyard avro olan uzunmüddətli müqavilə imzalaya bilərlər. Bu, layihənin Fransa müdafiə sənayesinin mühüm hissəsinə çevriləcəyindən xəbər verir.
“Renault” açıqlayıb ki, hərbi PUA istehsalı şirkətin əsas avtomobil biznesini dəyişmir və bu, mövcud texnoloji güclərdən istifadə edən ixtisaslaşmış bir layihədir.