—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

ABŞ Venesuelaya Rusiya ilə istənilən neft sazişini rəsmi şəkildə qadağan edib

11-fevral-2026
Turan Hüseynli
ABŞ Venesuelaya Rusiya ilə istənilən neft sazişini rəsmi şəkildə qadağan edib
Yazı Ölçüsü:

ABŞ Maliyyə Nazirliyi Venesuela nefti ilə bağlı əməliyyatlara dair şərtləri sərtləşdirərək, Rusiya və bir sıra digər ölkələrlə istənilən neft-qaz sövdələşməsini rəsmi şəkildə qadağan edib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) verdiyi yeni lisenziyalara əsasən, Venesuelanın dövlətə məxsus PDVSA neft-qaz şirkəti ilə aparılan əməliyyatlara icazə yalnız sanksiya altında olan ölkələrlə əməkdaşlığın tam istisna edilməsi şərti ilə mümkündür.

ABŞ tərəfindən təqdim edilən üç lisenziya Venesuela hökuməti, PDVSA və onlarla əlaqəli qurumlarla bağlı bəzi məhdudiyyətləri qismən yumşaltsa da, əsas şərt Rusiya, İran, Şimali Koreya və Kuba, eləcə də bu ölkələrin nəzarətində olan təşkilatlarla hər hansı maliyyə və ya ticarət əlaqəsinin qadağan edilməsidir. Lisenziyalara əsasən, ABŞ şirkətlərinə Venesuela neftinin ixracı, emalı və daşınması, eləcə də ölkədə kəşfiyyat və hasilat işləri üçün avadanlıq və xidmətlərin göstərilməsinə icazə verilir.

Eyni zamanda, bütün müqavilələr ABŞ qanunvericiliyinə uyğun tənzimlənməli, “bloklanmış şəxslərə” edilən ödənişlər isə yerli vergilər istisna olmaqla, birbaşa xarici hökumət hesablarına köçürülməlidir.

Bu məhdudiyyətlərin Venesuelada Rusiyanın təxminən 17 milyard dollar həcmində olan investisiyalarına ciddi təsir göstərəcəyi bildirilir. Həmin yatırımlar əsasən neft yataqlarındakı paylardan ibarətdir. Xatırladaq ki, “Rosneft” 2010-cu illərin ortalarında PDVSA ilə birgə beş layihə həyata keçirmişdi. 2020-ci ildə Venesuelaya qarşı sanksiyalar tətbiq edildikdən sonra “Rosneft” ölkədəki aktivlərindən çıxdığını elan etmiş, lakin bu aktivlər sonradan Rusiyaya məxsus “Roszarubejneft” şirkətinə ötürülmüşdü.

2025-ci ilin noyabrında Venesuela Milli Assambleyası bu layihələrin müddətini 2041-ci ilə qədər uzatmış, əlavə 616 milyon dollar investisiya və 15 il ərzində təxminən 91 milyon barel neft hasilatı planlaşdırılmışdı. Lakin bu ilin yanvarında prezident Nikolas Maduronun həbsindən sonra hakimiyyət vitse-prezident Delsi Rodrigesə keçib. ABŞ prezidenti Donald Tramp isə Venesuela neftini “ABŞ-ın mülkiyyəti” adlandıraraq, xarici şirkətlərin Karakasla deyil, Vaşinqton vasitəsilə əməkdaşlıq etməsini tələb edib.

Kateqoriyalar