"Chevron" İraqdan “Qərbi Qurna-2” yatağının gəlirliliyinin artırılmasını tələb edir, yalnız bu halda onu almağa hazırdır.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Layihənin 75%-i "Lukoil"a məxsusdur. "Reuters"in məlumatına görə, “Qərbi Qurna-2” İraqdakı ən aşağı gəlirliliyə malik yataqlardan biridir.
Amerikanın "Chevron" şirkəti dünyanın ən iri neft yataqlarından biri olan “Qərbi Qurna-2”nin alınması üçün müqavilə şərtlərinin yaxşılaşdırılması barədə İraqın Neft Nazirliyi ilə danışıqlar aparır. Bu barədə vəziyyətlə tanış olan üç mənbə "Reuters"ə bildirib. Yatağın 75%-i "Lukoil"a məxsusdur.
Yanvarın əvvəlində “Qərbi Qurna-2” yatağının idarəçiliyi İraqın dövlət şirkəti "Basra Oil Company"yə verilib. Şirkət nümayəndələri "Reuters"ə bildiriblər ki, mülkiyyət məsələsi həll edilənədək yatağın idarəçiliyini 12 ay müddətinə öz üzərlərinə götürüblər.
Mənbələrin sözlərinə görə, "Chevron" yatağın gəlirliliyinin artırılmasına çalışır. Agentliyin iki həmsöhbəti əlavə edib ki, yeni şərtlərlə istənilən razılaşma İraq hökumətinin təsdiqini tələb edəcək. "Reuters"in sənaye mənbələri bildirir ki, “Qərbi Qurna-2” İraqdakı bütün müqavilələr arasında ən aşağı gəlirliliyə malikdir.
"Reuters" qeyd edir ki, bu yatağın payına İraq üzrə hasilatın təxminən 10%-i və qlobal neft tədarükünün təxminən 0,5%-i düşür. Bundan başqa, agentliyin yazdığına görə, İraq 2003–2011-ci illər müharibəsindən sonra vəd etdiyi kimi, istehsal gücünü sutkada 9–12 milyon barelə çatdıra bilməyib: ABŞ-ın müdaxiləsindən əvvəlki təxminən 2,5 milyon bareldən hasilat 4 milyon bareldən bir qədər çox səviyyəyə yüksəlib.
"Chevron" "Reuters"ə kommersiya məsələlərini şərh etmədiklərini bildirib. Şirkət nümayəndəsinin sözlərinə görə, “Chevron" dünya üzrə müxtəlif kəşfiyyat və hasilat portfelinə malikdir və potensial imkanları qiymətləndirməyə davam edir. Bütün fəaliyyətində Chevron biznes etikası kodeksini rəhbər tutur və tətbiq olunan qanun və qaydalara əməl edir”.
İraqın Neft Nazirliyi agentliyə bildirib ki, "Chevron"la danışıqlar davam edir və “bir çox detallara hələ baxılır”.