Azərbaycanın Ağstafa rayonu ilə Ermənistan arasında elektrik ötürücü xəttinin bərpası və ya yenidən çəkilməsi texniki baxımdan problem yaratmır.
"PostMedia" xəbər verir ki, bu barədə “Sam sebe energetik” teleqram kanalının müəllifi, enerji eksperti Aleksey Moskalyov bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın enerji sistemləri vaxtilə SSRİ-nin vahid enerji şəbəkəsinin tərkib hissəsi olub və bu səbəbdən onların yenidən birləşdirilməsi ciddi texniki çətinliklərlə müşayiət olunmamalıdır.
Ekspert qeyd edib ki, sovet dövründə iki ölkə arasında birbaşa elektrik əlaqələri mövcud olub. Xüsusilə Ermənistanın Hrazdan İstilik Elektrik Stansiyası ilə Azərbaycanın Ağstafa yarımstansiyasını birləşdirən 330 kV-luq yüksək gərginlikli elektrik xətti strateji əhəmiyyət daşıyıb.
“Həmin xəttin bərpası Ağstafadan Ermənistana birbaşa və güclü elektrik bağlantısının yaradılmasına imkan verəcək”, – deyə Moskalyov @SputnikLive-a müsahibəsində vurğulayıb.
Bundan əlavə, ekspert xatırladıb ki, hazırda həm Azərbaycan, həm də Ermənistanın enerji sistemləri Rusiya (Azərbaycan birbaşa, Ermənistan isə Gürcüstan üzərindən) və İranla əlaqəlidir. Bu isə regionda elektrik enerjisi mübadiləsi və enerji təhlükəsizliyi baxımından əlavə imkanlar yaradır.