Fransa çempionatının 21-ci turunda turnir cədvəlinin lideri PSJ doğma meydanda “Marsel”i qəbul edib və 5:0 hesablı möhtəşəm qələbə qazanıb.
“PostMedia” xəbər verir ki, Paris təmsilçisinin heyətində Usman Dembele iki dəfə fərqlənib. Xviça Kvaratsxeliya və Li Kan İn də hərəyə bir qol vurub, daha bir top isə rəqibin öz qapısına düşüb. PSJ 51 xalla liderliyini möhkəmləndirib, “Marsel” isə 39 xalla 4-cü pillədə qərarlaşıb.
İtaliya A Seriyasının 24-cü turunda “Yuventus” Turin şəhərində “Latsio” ilə qarşılaşıb və oyunun son dəqiqələrində məğlubiyyətdən xilas olub. Matç 2:2 hesabı ilə başa çatıb. Qonaqların heyətində Pedro Rodriges və Qustav İsaksen, “Yuventus”da isə Ueston Makkini və Pyer Kalulu fərqləniblər. Turin klubu 46 xalla 4-cü, “Latsio” isə 33 xalla 8-ci pillədə qərarlaşıb.
İspaniya La Liqasının 23-cü turunda Madrid “Real”ı səfərdə “Valensiya”ya qalib gəlib – 2:0. “Kral klubu”nun qollarını Alvaro Karreras və Kilian Mbappe vurub. Bu qələbədən sonra “Real” 57 xalla turnir cədvəlində 2-ci pillədədir və lider “Barselona”dan cəmi 1 xal geri qalır. “Valensiya” isə 23 xalla 17-ci yerdədir.
