Serj Sarqsyanla müqavilə bağlamış şəxsdən təxminən 790 min dollar müsadirə ediləcək
26-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanla müqavilə bağlamış fiziki şəxsdən təxminən 300 milyon dram (790 min dollar) müsadirə ediləcək.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunur ki, prokurorluq Antikorrupsiya Məhkəməsinə iddia ərizəsi təqdim edərək, keçmiş müdafiə naziri və üçüncü prezident Serj Sarqsyan ilə fiziki şəxs (məhkəmə portalı “Dataleks”in məlumatına görə, Anuşavan Kazaryan – red.) arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb edib.
Söhbət 2005-ci il dekabrın 17-də Yerevanda, admiral İsakov prospektində yerləşən 1,4514 hektar sahəyə malik torpaq sahəsinin satışından gedir.
Antikorrupsiya Məhkəməsi yanvarın 23-də prokurorluğun iddiasını təmin edib, alğı-satqı müqaviləsini etibarsız sayıb və torpaq sahəsinin 297 milyon 980 min dram (790 min dollar) dəyərində müsadirə olunması barədə qərar çıxarıb. Qərar qanuni qüvvəyə mindikdən sonra icra olunacaq.
Qeyd edək ki, iş 2005-ci ildə Yerevandakı “Yerablur” hərbi panteonu yaxınlığında yerləşən torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır. Həmin dövrdə Serj Sarqsyan müdafiə naziri olub.
Baş Prokurorluğun versiyasına görə, Sarqsyanın sərəncamı ilə torpaq sahələri qanunsuz şəkildə, özü də bazar qiymətindən xeyli aşağı qiymətə, onun keçmiş mühafizə rəisi Vaçaqan Kazaryana satılıb.
Vaçaqan Kazaryan 2018-ci il iyunun 25-də, bankdan içi pulla dolu portfellə çıxarkən saxlanılıb. Ondan 123 min dollar və 436 milyon dram (904 min dollar) aşkar edilib. Evində aparılan axtarış zamanı həyat yoldaşına məxsus 35 milyon dram (72,5 min dollar), 1,11 milyon dollar və 230,5 min avro tapılıb. Kazaryanın sahibi olduğu “Yans Klub”da isə 1,5 milyon dollardan artıq nağd pul aşkarlanıb.
O, həbs edilib, lakin bir müddət sonra zaminə buraxılıb. İstintaq dövründə Kazaryan dövlət büdcəsinə 5,8 milyon dollar qaytarıb.