Rusiya və xarici ölkələrdən olan iqlimşünaslar və ekoloqlar müəyyən ediblər ki, qlobal istiləşmə və bununla bağlı Xəzər dənizində su səviyyəsinin enməsi, nərə balığının yaşayış arealının 20-45% azalmasına və Xəzər suitilərinin çoxalması üçün zəruri olan buz sahələrinin 81% azalmasına gətirib çıxaracaq.
“PostMedia” "TASS" a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Lids Universitetinin mətbuat xidməti məlumat yayıb.
“Əgər insanlıq istixana qazlarının emissiyalarını ciddi şəkildə azaltsa belə, Xəzərdə suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsindən yayınmaq çətin olacaq. Bununla belə, vacibdir ki, bu prosesin onilliklər çəkəcəyini anlayaraq, həmin müddətdən biomüxtəlifliyin qorunması üçün tədbirlərin hazırlanmasına sərf edək. Bu müzakirələrə mümkün qədər tez başlamaq lazımdır ki, uğura çatmaq şansımız çoxalsın”.
S. Qudmen və digər alimlər bu nəticəyə, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsinin qlobal istiləşmə və yağıntıların və çay axınlarının azalması nəticəsində təxminən 10-20 metr enə biləcəyini araşdıraraq gəliblər. Son 20 ildə Xəzərin su səviyyəsi hər il təxminən 6 sm azalır, bu isə alimlərdə ciddi narahatlıq doğurur.
Bu vəziyyət rusiyalı və xarici tədqiqatçıları 2001-2024-cü illər arasında Xəzərin şimal hissəsində sahil xəttinin necə dəyişdiyini detallı öyrənməyə sövq edib. Onlar bu məlumatlardan nadir və unikal heyvan növlərinin gələcəkdə yaşayış şəraitinin necə dəyişəcəyini proqnozlaşdırmaq üçün istifadə ediblər. Bu növlərə Xəzər suitiləri, altı növ nərə balığı və Yer kürəsinin başqa heç bir yerində rast gəlinməyən yüzlərlə balıq və onurğasız növ daxildir.
Alimlərin apardığı hesablamalar göstərib ki, Xəzərin su səviyyəsinin enməsi suitilərə xüsusilə mənfi təsir göstərəcək, çünki onların çoxalması üçün Xəzərin şimalında yaranan buzlar vacibdir. Su səviyyəsinin cəmi beş metr azalması belə, suitilərin çoxalması üçün yararlı buz sahələrinin 81% azalmasına səbəb olacaq, bu da onsuz da azalan bu unikal növün populyasiyasına böyük təzyiq göstərəcək.
Eyni zamanda, nərə balıqları üçün uyğun olan Xəzər dayazlıqlarının sahəsi, suyun beş metr azalması ilə 25%, on metr azalması ilə isə 45% azalacaq. Onsuz da həddindən artıq ov və brakonyerlik səbəbilə təhlükə altında olan bu balıq növlərinin populyasiyasına bu, çox mənfi təsir göstərəcək. Alimlər bildiriblər ki, Xəzərin şimal bölgələrindəki heyvan populyasiyalarını yox olmaqdan qorumaq üçün təcili tədbirlər hazırlanmalıdır.