Bir neçə gün öncə vəfat edən Roma Papa Fransiskin dəfn mərasimi keçirilib
"PostMedia" xəbər verir ki, 266-cı Roma Papası Fransiskin cənazəsi, Roma şəhərindəki Santa Maria Maggiore (Böyük Müqəddəs Məryəm) bazilikasında dəfn edilib. Dəfn mərasimi yalnız dar bir çevrənin – bir neçə kardinalın iştirakı ilə baş tutub və mərasimdən gprüntülü yayım aparılmayıb.
Məzar mərmər lövhədən ibarətdir və üzərində latınca "Franciscus" (Fransisk) yazılıb. Papa Fransisk hələ sağlığında Sforza və Paolina (Pavel V Borghese şərəfinə adlandırılan) kapellaları arasında olan bir nişdə öz dəfn yerini seçmibmiş. Məhz burada Romalıların müdafiəçisi sayılan Müqəddəs Məryəm ikonasının saxlandığı qeyd olunur. Fransisk də tez-tez bu ikonanın qarşısında, ölümündən az əvvəl də daxil olmaqla, dua edərdi.
Onun tabutu yer səviyyəsindən aşağı, torpağın altına qoyulub, çünki Fransisk vəsiyyətində "torpaqda dəfn olunmağı" istəmişdi. Katolik ənənəsində tabutun divara yerləşdirilməsi də kifayət qədər yayılmış praktikadır.
Fransisk bu kilsədə dəfn olunan səkkizinci pontifik oldu. Lakin sonuncu dəfn XVII əsrin ikinci yarısında baş vermişdi. Kilsə Romada, şəhərin yeddi yüksəkliyindən biri olan Eskvilin təpəsində yerləşir, rəsmi olaraq Vatikana tabe sayılır.
Mərasim zamanı, Roma hakimiyyətinin məlumatına görə, Müqəddəs Pyotr meydanında və ətraf ərazilərdə 250 min nəfər insan toplaşıb. Təxminən 150 min insan da tabutun Vatikandan dəfn yerinə qədər aparılması zamanı cənazəni müşayiət edib.
Romada misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Şəhərin səmasında polis və hərbi helikopterlər nəzərət uşuşları həyata keçirib, digər hava hərəkəti tamamilə qadağan edilib. Şəhər mərkəzi tamamilə bağlanıb.
Vatikanın Mətbuat Xidmətinin məlumatına görə, artıq bazar günü səhər saatlarından başlayaraq, Fransiskin məzarı ziyarət üçün açıq olacaq.