Rusiya Xarici İşlə Nziliyi Rusiya vətəndaşlarına zəruri olmadığı halda Almaniyaya səfər etməmələri barədə ciddi tövsiyə verib.
"PostMedia" xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.
Açıqlamada qeyd olunub ki, Almaniyada Avropa İttifaqının sanksiyalarına əməl olunması bəhanəsi ilə Rusiya vətəndaşları və soydaşlarına qarşı əsassız təqib halları qeydə alınmaqda davam edir.
Bildirilib ki, Almaniyadan ixrac qadağası sanksiyalar siyahısına daxil edilmiş bəzi şəxsi əşyalara da şamil olunur, hətta onlar şəxsi istifadə üçün və ya hədiyyə kimi tək nüsxədə alınmış olsa belə.
Belə əşyalar aşkar edilərsə, gömrük əməkdaşları onları müsadirə edə, üzərinə həbs qoya, protokol tərtib edib materialları səlahiyyətli orqanlara göndərə bilərlər. Daha sonra isə sanksiyaların pozulması ilə bağlı qərar qəbul edilə bilər ki, bu da bəzən cinayət məsuliyyəti ilə nəticələnə bilər.
Rusiya XİN-in bəyanatında həmçinin vurğulanıb ki, malların mənşəyi, dəyəri, ölkədən çıxarılma şəraiti və sanksiyalardan yayınma ehtimalı diqqətlə araşdırılır. Sənəddə iddia olunur ki, bəzi alman rəsmiləri sanksiya qaydalarını izah edərkən kobud və qeyri-etik davranış sərgiləyirlər.
Bəyanatda daha sonra qeyd edilir ki, Almaniya faktiki olaraq Rusiya vətəndaşları üçün “özbaşınalıq məkanına” çevrilib və sanksiyaların pozulması ilə bağlı hallar obyektiv və hərtərəfli araşdırılmır.
Həmçinin bildirilir ki, Rusiyanın Almaniyadakı Səfirliyi və Rusiyanın Bonn şəhərindəki Baş Konsulluğu tərəfindən saxlanılma və müsadirə halları ilə bağlı göndərilən sorğular çox vaxt cavabsız qalır.
Rusiya XİN Almaniyaya səfər planlaşdıran vətəndaşları mövcud riskləri nəzərə almağa çağırıb.