Böyük Britaniya və Fransanın səfirləri Rusiya XİN-ə çağırılıb
13-mart-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Martın 13-də Böyük Britniya səfiri Naycel Keysi və Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıblar.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında bildirilib.
Rusiya tərəfi martın 10-da Bryansk şəhərinə Ukrayna silahlı qüvvələrinin hücumu ilə bağlı qəti etirazını çatdırıb. Moskvanın iddiasına görə, hücum MBDA şirkətinin istehsal etdiyi fransız-britaniya mənşəli qanadlı raketlərdən istifadə edilməklə həyata keçirilib.
Rusiya XİN-in məlumatına görə, bu hücum nəticəsində 7 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Bəyanatda Böyük Britaniya və Fransanın bu hücumda “birbaşa iştirak etdiyi” iddia olunub və bildirilib ki, Bryansk şəhərinə raket zərbəsi britaniyalı və fransalı mütəxəssislərin iştirakı və Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsi olmadan mümkün olmazdı.
Rusiya tərəfi qeyd edib ki, London və Paris Kiyevin hərbi fəaliyyətini dəstəkləməyə davam edərsə, münaqişənin daha da gərginləşməsi və onun dağıdıcı nəticələrinə görə məsuliyyət daşıyacaqlar.
Moskva həmçinin Bryanska edilən hücumu təxribat adlandıraraq bunun Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində aparılan səyləri pozmaq məqsədi daşıdığını bildirib.
Rusiya tərəfi Böyük Britaniya və Fransadan Bryanskda Ukrayna silahlı qüvvələrinin həyata keçirdiyi hücumu açıq şəkildə və qəti şəkildə pisləmələrini tələb edib və belə bir reaksiyanın olmamasının “terror metodları ilə həmrəylik” kimi qiymətləndiriləcəyini qeyd edib.