Martın 11-də BMT Təhlükəsizlik Şurası İranın qonşu ölkələrə endirdiyi zərbələri pisləyən qətnamə qəbul edib.
"PostMedia" xəbər verir ki, sənəd ABŞ və İsrailin hücumlarına cavab olaraq İranın həyata keçirdiyi zərbələri qınayır.
BMT-nin məlumatına görə, Bəhreyn tərəfindən Körfəz Əməkdaşlığı Şurası adından təqdim edilən qətnaməni Təhlükəsizlik Şurasının 13 üzvü dəstəkləyib, iki üzv – Rusiya və Çin isə səsvermədə bitərəf qalıb.
Bəhreyn nümayəndəsinin sözlərinə görə, 135 dövlətin həmmüəllif olduğu qətnamə İrandan qonşu ölkələrə hücumları dərhal dayandırmağı tələb edir. Sənəd müəllifləri bu addımları beynəlxalq hüququn pozulması və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirirlər.
Rusiya isə öz növbəsində ayrıca qətnamə layihəsi təqdim edib. Bu layihə mülki əhaliyə və mülki infrastruktura qarşı bütün hücumları pisləyir və münaqişə tərəflərini zorakılığı dayandırmağa çağırırdı.
Lakin Rusiya tərəfindən təqdim olunan sənəd lazımi səs sayını toplaya bilməyib. Layihənin lehinə yalnız Rusiya, Çin, Pakistan və Somali səs verib, iki ölkə əleyhinə, doqquz ölkə isə bitərəf qalıb.
