TRIPP hazırda formalaşma mərhələsindədir - Paşinyan
11-mart-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
TRIPP hazırda formalaşma mərhələsindədir, yaxın vaxtlarda ABŞ ilə saziş imzalayacağıq.
"PostMedia" xəbər verir ki, bunu martın 11-də Strasburqda Avropa Parlamentində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Pashinyan deyib.
O qeyd edib ki, əvvəlki çıxışından cəmi iki il beş ay keçməsinə baxmayaraq, ən yadda qalan dəyişiklik Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhdür. Paşinyanın sözlərinə görə, bu sülh 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda təsbit olunub. Həmin gün "Ağ Ev"də Azərbaycan Prezidenti Ilham Aliyev ilə birlikdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasını nəzərdə tutan birgə bəyannamə imzalanıb.
Paşinyan bildirib ki, bəyannaməni şahid qismində ABŞ Prezidenti Donald Tramp də imzalayıb. Bundan əvvəl isə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ABŞ prezidentinin, Azərbaycan prezidentinin və Paşinyanın iştirakı ilə iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişi paraflayıblar.
Vaşinqton bəyannaməsində regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsi də öz həllini tapıb. Sənədin üçüncü bəndində qeyd olunur ki, iki ölkə arasında daxili, ikitərəfli və beynəlxalq daşımalar üçün kommunikasiya xətlərinin açılması dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət prinsipləri əsasında həyata keçirilməlidir. Həmçinin sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz əlaqənin təmin olunmasının Ermənistan üçün beynəlxalq və daxili kommunikasiya baxımından qarşılıqlı üstünlüklər yaradacağı vurğulanır.
Bəyannamənin dördüncü bəndində isə qeyd edilir ki, Ermənistan Respublikası ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə birlikdə Ermənistan ərazisində “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) kommunikasiya proqramının həyata keçirilməsi üçün çərçivənin müəyyənləşdirilməsi istiqamətində çalışacaq.
Paşinyan bildirib ki, TRIPP proqramı hazırda formalaşma mərhələsindədir. Onun sözlərinə görə, yanvarın 13-də ABŞ və Ermənistan hökumətləri layihənin icrası üzrə çərçivəni qəbul ediblər və yaxın vaxtlarda iki ölkə arasında müvafiq saziş imzalanacaq, bundan sonra layihənin praktiki icrasına başlanılacaq.
Ermənistan hökumətinin “Sülhün kəsişməsi” təşəbbüsündən irəli gələn bu proqramın şərqdən qərbə və əks istiqamətdə, həmçinin cənubdan şimala və əks istiqamətdə nəqliyyat əlaqələri üçün yeni imkanlar yaradacağı bildirilib. Paşinyan bunun region üçün “tarixi əhəmiyyətli dəyişiklik” olacağını qeyd edib.