6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

SEPAH Hörmüz boğazından keçid üçün şərt açıqlayıb

10-mart-2026
Turan Hüseynli
SEPAH Hörmüz boğazından keçid üçün şərt açıqlayıb
Yazı Ölçüsü:

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ərəb və Avropa ölkələri üçün Hörmüz boğazından sərbəst keçid əldə etməklə bağlı konkret şərt irəli sürüb.

"PostMedia" IRIB televiziya kanalına istinadən xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bəyanatda deyilir ki, öz ərazisindən İsrail və ABŞ səfirlərini çıxaran istənilən ərəb və ya Avropa dövləti sabahdan etibarən Hörmüz boğazından maneəsiz və sərbəst şəkildə keçmək üçün tam hüquq əldə edəcək.

Xatırladaq ki, İran ABŞ və İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatlara başlamasından sonra 28 fevraldan etibarən Hörmüz boğazını bağladığını elan edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, əgər İran Hörmüz boğazı vasitəsilə neft axınının dayandırılması istiqamətində hər hansı addım atarsa, ABŞ ona indiyədək endirilən bütün zərbələrdən iyirmi dəfə daha güclü zərbə endirəcək.

ABŞ prezidenti daha əvvəl həmçinin Hörmüz boğazını nəzarət altına almağı “düşündüyünü” də qeyd etmişdi.

Onun sözlərinə görə, ABŞ bu strateji su yoluna dair “çox şey edə bilər” və İranın gəmilərin hərəkətinə mane olacağı təqdirdə buna cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Tramp həmçinin iddia edib ki, hazırda boğaz açıqdır və gəmilər oradan keçə bilir. Bununla yanaşı, o, hələ də boğazı ABŞ nəzarəti altına almaq variantını nəzərdən keçirdiyini vurğulayıb.

Kateqoriyalar