İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Sərdar Naini bildirib ki, İranın silahlı qüvvələri növbəti göstəriş verilənə qədər regiondan hətta bir litr neftin belə ixracına icazə verməyəcək.
"PostMedia" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu qərar ABŞ və onun müttəfiqlərinin təzyiqlərindən asılı olmayaraq qüvvədə qalacaq.
“Hazırda müharibənin gedişinə və onun necə başa çatacağına nəzarət İranın əlindədir. Regiondan çıxışa amerikalılar deyil, İran qüvvələri qərar verir”, – deyə o vurğulayıb.
Naininin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İran silahlı qüvvələrinin gücünün “sonuna yaxınlaşdığı” barədə iddiaları reallığa uyğun deyil.
Onun bildirdiyinə görə, bütün Amerika gəmiləri – həm hərbi, həm də ticarət gəmiləri – İran raketləri və pilotsuz uçuş aparatlarından qorunmaq üçün 1000 kilometrdən çox məsafə saxlamağa məcburdur.
ABŞ qoşunları bazaları tərk edərək region şəhərlərində hərəkət edir, İsrail hərbçiləri isə mülki obyektlərdən gizlənmək üçün istifadə edirlər.
Naini həmçinin qeyd edib ki, İranın raket zərbələrinin azalması barədə yayılan məlumatlar doğru deyil. Onun sözlərinə görə, İran raketləri daha da güclənib və onların döyüş başlıqlarının çəkisi artıq bir tondan çoxdur.
Bundan əlavə, rəsminin sözlərinə görə, qarşı tərəfin sursat ehtiyatları tükənmək üzrədir, Fars körfəzində yerləşən ABŞ-ın əsas hərbi obyektləri isə zədələnib. ABŞ-ın neft qiymətlərini məhdudlaşdırmaq cəhdlərini o, müvəqqəti və təsirsiz tədbirlər kimi qiymətləndirib.