Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşı tərəfin xahişi ilə İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat paylaşıb.
Ərdoğan söhbət zamanı bildirib ki, diplomatiya üçün qapıların açılmasına ehtiyac var və Türkiyə bunun təmin olunması üçün səylər göstərir.
Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, İran əleyhinə həyata keçirilən qanunsuz müdaxilələri və İranın regiondakı qardaş ölkələri hədəfə almasını doğru hesab etmirlər. O, qeyd edib ki, qardaş ölkələrin hədəfə alınması heç kimə fayda gətirmir və bu cür addımlar dayandırılmalıdır.
Ərdoğan bildirib ki, Türkiyə tərəfi olmadığı münaqişələrdən də mənfi təsirlənir. O, əlavə edib ki, səbəbindən asılı olmayaraq Türkiyənin hava məkanının pozulması qəbulolunmazdır və Ankara buna qarşı bütün zəruri tədbirləri görməyə davam edəcək.
Prezident Ərdoğan söhbət zamanı Pezeşkiana Menab şəhərində məktəbə edilən hücum nəticəsində həyatını itirən uşaqlar başda olmaqla baş verən insan itkilərinə görə dərin kədər hissi keçirdiklərini də çatdırıb.
Ərdoğan həmçinin İranın dini lideri Əli Xamenei ilə bağlı başsağlığı diləklərini bir daha ifadə edib və Müctəba Xameneinin yeni dini lider seçilməsinin regionda sülhə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Pezeşkian isə Türkiyənin hava məkanına daxil olan raketlərin İran mənşəli olmadığını deyib və məsələ ilə bağlı geniş araşdırma aparılacağını qeyd edib.