Abbas Əraqçi bildirib ki, İran ərazisinə ABŞ və İsrail tərəfindən endirilən zərbələrə baxmayaraq, Tehran heç vaxt atəşkəs istəməyib.
“PostMedia” xəbər verir ki, İranın xarici işlər naziri bunu “NBC News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ-nin mümkün quru müdaxiləsindən qorxmur:
“Xeyr, biz onları gözləyirik. Əminik ki, müqavimət göstərə bilərik və bu, onlar üçün böyük fəlakətə çevriləcək”.
Nazir qeyd edib ki, İran əvvəllər də atəşkəs istəməyib və qeyd edib ki, sonuncu dəfə atəşkəs istəyən tərəf İsrail olub. O, bunu ötən ilin iyununda baş vermiş və 12 gün davam edən münaqişə ilə əlaqələndirib. Həmin dövrdə ABŞ və İsrail qüvvələrinin İranın nüvə obyektlərinə zərbələr endirdiyini bildirib.
Əraqçi həmçinin Minab şəhərində ibtidai məktəbə hücumdan danışaraq, hadisə zamanı 171 uşağın həlak olduğunu deyib və buna görə ABŞ və İsrail qüvvələrini məsul sayıb.
Nazir bildirib ki, danışıqlar fonunda baş verən hücumlar Tehranın gələcək danışıqlara marağını ciddi şəkildə azaldıb. Onun sözlərinə görə, o, ABŞ nümayəndələri – Stiv Uitkoff və Cared Kuşer ilə son vaxtlar əlaqə saxlamayıb.
Əraqçi əlavə edib ki, İranın ABŞ ilə danışıqlarda müsbət təcrübəsi yoxdur və Vaşinqtonu danışıqlarda səmimi olmamaqda ittiham edib.
Müsahibə zamanı o, həmçinin İranın ali liderinin seçilməsi məsələsinə toxunaraq bildirib ki, bu proses ölkənin konstitusiyası ilə tənzimlənir və qərarı Ekspertlər Asambleyası verəcək.
O, qeyd edib ki, davam edən münaqişə səbəbindən bu proses uzana bilər.
Əraqçi ABŞ Prezidenti Donald Trampın İranın növbəti ali liderinin seçilməsi ilə bağlı səsləndirdiyi fikirlərə də reaksiya verərək bildirib ki, bu məsələ İran xalqının daxili işidir və heç kim buna müdaxilə edə bilməz.