Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti Məsud Pezeşkiana İranın ali rəhbəri Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı ünvanlayıb.
"PostMedia"nın məlumatına görə, başsağlığı məktubunda bildirilir ki, Belarus Respublikası Əli Xameneinin “xain hücum nəticəsində faciəli şəkildə həlak olması” xəbərini dərin kədər və hüznlə qarşılayıb.
“Onilliklər boyu o, xalqa xidmət edib, daim ənənələrə sədaqət və gələcək nəsillər qarşısında məsuliyyət prinsiplərini rəhbər tutub. Onun müdrikliyi və uzaqgörənliyi ona yüksək nüfuz qazandırıb və ölkə sərhədlərindən kənarda da hörmətini təmin edib. Ruhani lider son nəfəsinə qədər xalqına sadiq qalıb və İranın suverenliyi və müstəqilliyini müdafiə edərək şəhid ölümünü cəsarətlə qarşılayıb”, – deyə məktubda qeyd olunur.
Lukaşenko vurğulayıb ki, Əli Xameneinin xatirəsi və ölkəyə xidmətləri milyonlarla insanın qəlbində yaşayacaq, onun həyatı İranın milli irsinin və dünya tarixinin mühüm bir hissəsi kimi qalacaq.
“Bu ağır məqamda Belarus xalqı və şəxsən öz adımdan səmimi başsağlığımı və dəstəyimi bildirirəm. Bu itkinin ağrısını bölüşür və bu çətin vaxtda İran ilə həmrəyliyimizi ifadə edirik”, – deyə başsağlığında qeyd olunub.
