İranın Ermənistandakı səfiri: “Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü qırmızı xəttdir”
02-mart-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Bölgədə baş verən bu aqressiya və hərəkətlər həm regional təhlükəsizliyi, həm də sülhü birbaşa təhdid edir və davam edərsə, regiondakı bütün ölkələr üçün əlverişsiz şərait yaradacaq.
"PostMedia" xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami martın 2-də mətbuat konfransında bildirib.
“Bu əməliyyatları bizim üzərimizdə həyata keçirənlər həm regional, həm də beynəlxalq sabitliyi və sülhü məsuliyyətsiz şəkildə təhlükəyə atdılar. Bizim dost və qonşu Ermənistan Respublikasının təhlükəsizliyi bizim üçün son dərəcə vacibdir. Ermənistanın ərazi bütövlüyü bizim üçün qırmızı xəttdir. Əlbəttə, istəklərimizdən biri budur ki, Ermənistan heç vaxt beynəlxalq qanunları pozanların hərəkətləri nəticəsində zərər görməsin,” – deyə səfir vurğulayıb.
İrana qarşı aqressiyaya beynəlxalq reaksiyalara toxunan səfir bildirib ki, bu reaksiyalar uyğun və adekvat olmayıb. “Qanun və hüquqdan danışan bir çox ölkələr bu aqressiya zamanı tam səssizlik nümayiş etdirdilər. Onlar sadəcə müşahidəçi rolunda idilər və bəziləri gizli şəkildə belə qeyri-qanuni və aqressiv əməliyyata dəstək verirdi,” – deyə o əlavə edib.