6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

“Zara”nın qurucusu rekord məbləğdə - 3,23 milyard avro dividend alacaq

12-mart-2026
Türkan Nəbi
“Zara”nın qurucusu rekord məbləğdə - 3,23 milyard avro dividend alacaq
Yazı Ölçüsü:

Amansio Orteqa "Zara" brendinin qurucusu və dünyanın ən böyük moda pərakəndə şirkətlərindən biri olan "Inditex"in sahibi – 2026-cı ildə rekord həcmdə, 3,23 milyard avro dividend əldə edəcək. Bu məbləğ ötən ilin 3,1 milyard avroluq göstəricisindən bir qədər yüksəkdir.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, hələ də "Inditex" səhmlərinin 59%-nə nəzarət edən Orteqa və şirkətin direktorlar şurasına sədrlik edən qızı Marta Orteqa Perez dividendlərin yarısını may ayında, digər yarısını isə noyabrda alacaqlar. Məlumata görə, şirkətin digər səhmdarları da eyni vaxtda dividend əldə edəcəklər.

"Inditex", həmçinin "Bershka", "Massimo Dutti", "Pull&Bear", "Stradivarius" və "Oysho" kimi brendlərin sahibidir. Şirkət 2025-ci ildə “sabit əməliyyat artımı”ndan sonra dividendlərin 4% artırıldığını açıqlayıb.

"Bloomberg"in məlumatına görə, Amansio Orteqanın sərvəti təxminən 126,7 milyard dollar (təxminən 94 milyard funt sterlinq) qiymətləndirilir və bu da onu dünyanın 15-ci ən varlı insanı edir.

"Inditex"in 90-dan çox ölkədə fəaliyyət göstərən 5460 mağazası var. Şirkətin satışları il ərzində 3,2% artaraq 39,9 milyard avroya, vergidən əvvəl mənfəəti isə 5,8% artaraq 8 milyard avroya çatıb.

Şirkət ötən il dünya üzrə 103 mağazanı bağlasa da, bəzi mağazaları daha böyük sahələrə köçürərək ümumi pərakəndə satış sahəsini artırıb.

Mart ayında 90 yaşı tamam olacaq Amansio Orteqa "Zara" brendini 1975-ci ildə La Korunya şəhərində kiçik bir mağaza ilə qurub. O, əvvəlcə yerli köynək istehsalçısı üçün təchizatçı və kuryer kimi işləyib, daha sonra isə öz mağazasını açıb.

"Inditex" bu il pərakəndə satış sahəsinin 5% artacağını və onlayn satışların yüksəlməyə davam edəcəyini proqnozlaşdırır. Şirkət yeni ilə də güclü başlayıb: 1 fevraldan 8 martadək satışlar (valyuta dəyişiklikləri nəzərə alınmadan) 9% artıb.

Kateqoriyalar