6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Hörmüz boğazı ətrafındakı gərginlik alüminium qiymətlərini son 4 ilin maksimumuna qaldırıb

05-mart-2026
Turan Hüseynli
Hörmüz boğazı ətrafındakı gərginlik alüminium qiymətlərini son 4 ilin maksimumuna qaldırıb
Yazı Ölçüsü:

Yaxın Şərqdə baş verən hadisələr və xüsusilə Hörmüz boğazı ətrafında yaranmış gərginlik fonunda alüminiumun qiyməti son dörd ilin ən yüksək səviyyəsinə çatıb. Təchizat zəncirində mümkün pozuntular bazarda qiymətlərin kəskin artmasına səbəb olub.

Martın 4-də keçirilən ticarət zamanı metalın qiyməti 4,3% artaraq bir ton üçün 3418,5 dollar olub və 2022-ci ilin aprelindən bəri ilk dəfə 3400 dollar həddini keçib. Sonradan artım tempi bir qədər zəifləyib.

"PostMedia" xəbər verir ki, Bakı vaxtı ilə saat 17:17-yə olan məlumata görə, alüminium 2,15% bahalaşaraq 3348 dollara satılıb. Daha sonra isə qiymətlər müəyyən düzəliş edərək 3 323 dollara (-1,89%) enib.

Qiymət artımı Aluminium Bahrain (Alba) şirkətinin “fors-major” elan etməsindən sonra başlayıb. Şirkət daşımaların mümkün olmaması səbəbindən bəzi müqavilələr üzrə öhdəlikləri yerinə yetirə bilmədiyini bildirib. Məlumata görə, məhdudiyyətlər Hörmüz boğazında yaranmış vəziyyətlə bağlıdır: istehsal davam edir, lakin tədarüklər müvəqqəti dayandırılıb.

Bundan əvvəl İslam İnqilabı Keçikçiləri Korpusu (İİKK) Hörmüz boğazı üzərində tam nəzarətə sahib olduqlarını bəyan edib və bu marşrutdan keçən gəmilər üçün risklərin mövcudluğu barədə xəbərdarlıq edib. Bu boğaz dünya enerji ticarətinin ən vacib marşrutlarından biridir — qlobal neft və qaz daşımalarının təxminən beşdə biri məhz buradan keçir.

"AZ China" şirkətinin məlumatına görə, Yaxın Şərq ölkələrinin payına qlobal alüminium istehsalının təxminən 9%-i düşür. Buna görə də regionda hər hansı gərginlik bazarda qiymətlərin kəskin dəyişməsinə səbəb olur.

Bundan əvvəl QatarEnergy də “fors-major” elan etmiş və Ras Laffan Industrial City zavodunda maye təbii qaz (LNG) istehsalını hücumdan sonra dayandırmışdı. Sonradan şirkət bəzi neft-kimya məhsullarının istehsalının da müvəqqəti dayandırıldığını açıqlayıb. Financial Times bu addımı “misli görünməmiş qərar” adlandırıb.

Münaqişənin fevralın sonunda eskalasiya etməsi xammal bazarlarında dalğalanmanı artırıb. Məsələn, Chicago Mercantile Exchange birjasında qızılın aprel fyuçersləri martın 2-də 3,54% artaraq bir unsiya üçün 5434,1 dollara çatıb, lakin növbəti gün qiymətlərdə düzəliş baş verib.

Kateqoriyalar