Gürcüstan 2026-cı ilin ilk rübündə turizmdən əldə etdiyi gəliri artıraraq yeni rekorda imza atıb.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Bankı statistika paylaşıb.
2026-cı ilin yanvar–mart aylarında beynəlxalq səyahətlərdən əldə olunan gəlir 0,5% artaraq 829,8 milyon ABŞ dollarını ötüb. Bu göstərici rekord hesab olunur.
Məlumatlara görə, Yaxın Şərqdə baş verən hadisələr və qlobal turizm axınlarına təsirlərinə baxmayaraq, ölkənin turizm gəlirləri artım göstərib.
Bu dövrdə Avropa İttifaqı və Böyük Britaniyadan gələn turistlərin xərcləri 36,4% artaraq 140,7 milyon dollara çatıb və bu region 17% payla birinci yerdə qərarlaşıb.
Türkiyədən gələn turistlərin xərcləri 12,2% artaraq 120,1 milyon dollara yüksəlib, Ukraynadan 34,2%, Səudiyyə Ərəbistanından isə 47,6% artım qeydə alınıb.
2026-cı ilin ilk rübündə turist səfərlərinin sayı 1 milyon olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% artım deməkdir.
Ümumilikdə beynəlxalq səyahətçi səfərləri 1,3 milyon təşkil edib.
2025-ci ildə Gürcüstan turizmdən təxminən 4,7 milyard dollar gəlir əldə edib. Ən çox xərci Rusiya vətəndaşları edib – 697,3 milyon dollar.
2025-ci ildə Gürcüstana ən çox səfər edən ölkələr sırasında Rusiya, Türkiyə, Ermənistan, İsrail və Azərbaycan vətəndaşları yer alıb. Azərbaycan vətəndaşlarının səfərləri ölkənin əsas turizm bazarları sırasında ilk beşlikdə qərarlaşıb.
Mütəxəssislərin proqnozuna görə, 2026-cı ildə turizm gəlirləri 5 milyard dollara çata bilər və bu, yeni rekord olacaq.