Rusiyada 772 minə yaxın miqrantın adı nəzarətdə olan şəxslərin reyestrinə daxil edilib. Onların arasında Azərbaycan vətəndaşları da var.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya məsələləri üzrə Baş İdarəsinin rəis müavini Vitali Yakovlev məlumat verib. O bildirib ki, sözügedən reyestrə ölkədə qalmaq üçün qanuni əsaslarını itirmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil edilir.
Yakovlev qeyd edib ki, miqrantlar aprelin 30-dək hüquqi statuslarını tənzimləməli və ya ölkəni tərk etməli idilər. Lakin Rusiya Prezidenti Vladimir Putin bu müddəti 10 sentyabr 2025-ci ilədək uzadıb.
Hazırda siyahıda olan 772 min nəfərdən cəmi təxminən 80 min nəfər (10,5%) hüquqi statusunu qanuniləşdirmək üçün aidiyyəti orqanlara müraciət edib. Onların sırasında Azərbaycan, Özbəkistan, Tacikistan və Ermənistan vətəndaşları daha fəal davranıblar.
“Təəssüf ki, digər ölkələrin vətəndaşları daha az aktivlik göstərirlər. Bu isə o deməkdir ki, prezident fərmanının müddəti başa çatdıqdan sonra bu şəxslər Rusiya ərazisini tərk etməyə məcbur qalacaqlar,” – deyə Yakovlev vurğulayıb.
Hazırda Rusiyada çoxsaylı Azərbaycan vətəndaşı yaşayır və çalışır. Onların bir qismi müvəqqəti və ya daimi yaşamaq icazəsi olmadan ölkədə qalır. Ekspertlər bildirir ki, bu qərar minlərlə azərbaycanlı ailəyə təsir edə bilər.
Mütəxəssislər və səfirlik nümayəndələri Azərbaycan vətəndaşlarını vaxtında hüquqi statuslarını tənzimləməyə və miqrasiya orqanları ilə əlaqə saxlamağa çağırır. Əks halda, deportasiya və Rusiya ərazisinə giriş qadağası ilə üzləşmək təhlükəsi mövcuddur.
Xatırladaq ki, bu açıqlama 12 iyun tarixində Aşqabadda keçirilən “Sülh, davamlı inkişaf və miqrasiya” adlı beynəlxalq konfransda səsləndirilib. Tədbirdə Rusiya ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran və digər ölkələrin miqrasiya qurumları da iştirak edib.