Kriştiano Ronaldonun böyük oğlu ilk dəfə olaraq Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.
“PostMedia” xəbər verir ki, bu barədə komandanın yaydığı məlumatda qeyd edilib.
14 yaşlı Kriştiano Ronaldo Jr bu ayın sonunda keçiriləcək Vlatko Markoviç Beynəlxalq Turnirində iştirak edəcək Portuqaliya komandasının heyətinə daxil edilib. Bu turnir gənclər arasında keçirilən beynəlxalq futbol yarışıdır.
Portuqaliya millisində 136 qolla kişi futbolçular arasında ən çox qol vuran oyunçu olan Ronaldo böyük oğlu ilə fəxr etdiyini “Instagram Stories” bölməsində paylaşdığı heyət siyahısının şəklində bildirib: “Səninlə fəxr edirəm, oğlum!”
Ronaldo Jr Portuqaliya millisinin heyətində Yaponiya, Yunanıstan və İngiltərə ilə qarşılaşacaq, həmçinin Xorvatiyada daha bir oyun keçirəcək.
Hazırda Ronaldo Jr atası kimi Səudiyyə Ərəbistanında yerləşən Əl-Nasr klubunun gənclər komandasında çıxış edir. Kriştiano Ronaldo özü də 2022-ci ilin dekabrında bu kluba qoşulub.
Ronaldo Jr indiyə qədərki qısa futbol karyerasında atasının izindən gedərək Real Madrid, Yuventus və Mançester Yunayted kimi klubların gənclər sistemində çıxış edib – həmin vaxtlarda atası bu klubların əsas komandasında oynayıb.
Ronaldo Jrin atasının məşhur “Siu” qol sevincini təqlid etdiyi görüntülər sosial şəbəkələrdə geniş yayılıb və xəbərlərə görə, Yuventusun gənclər komandasında çıxış etdiyi dövrdə 58 qol vurub.
Ronaldo Jrın milliyə çağırılmasından sonra Portuqaliya millisinin rəsmi “Instagram” hesabında ata və oğulun birlikdə fotosu “Portuqaliyanın DNT-si” başlığı ilə paylaşılıb.
Ronaldo bu paylaşımı öz “Instagram Stories” bölməsində də təkrar paylaşıb.
Qeyd edək ki, 40 yaşlı Ronaldonun dörd digər övladı da var.