Bu gün "Air Arabia" və BƏƏ-nin Azərbaycandakı Səfirliyi ilə bərabər “Birgə və Sağlam” İctimai Birliyi Autizm Mərkəzini ziyarət edib və autizmli uşaqlar ilə fincan boyama aktivliyi həyata keçirib.
“PostMedia” xəbər verir ki, tədbirdə BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Əl Bluşi və “Air Arabia”nın ərazi üzrə meneceri Nuket Angin və Azərbaycan üzrə təmsilçisi Gülnar Rzazadə iştirak edib.
Qonaqları mərkəzin rəhbəri Aytən Eynalova qarşılayıb və mərkəzlə yaxından tanış edib.
Autizmli uşaqların şəxsi inkişafları və onların gələcək karyeralarına hazırlaşması üçün keçirilən dərslər, təlimlər barədə ətraflı məlumat verilib, mərkəzin bütün otaqlarında gəzinti həyata keçirilib. Mərkəzin rəhbəri Aytən Eynalova hər bir uşağa individual yanaşma olduğunu bildirib, hər bir uşağın ehtiyacları çərçivəsində proqram müəyyənləşdiyini və bu proqram əsasında inkişaf yolu hazırlandığını bildirib.
Eyni zamanda Mərkəzin nəzdində fəaliyyət göstərən “Kashalata kafe” haqda məlumatlar verilib. Davamında kafedə çay süfrəsi təşkil olunub, şirniyyatlar və çaylar autizmli uşaqlar tərəfindən servis edilib.
Ziyarət zamanı autizmli uşaqlarla birgə fincan boyama fəaliyyəti həyata keçirilib, daha sonra Səfirlik və “Air Arabia” tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Aprel ayı Autizm Maarifləndirmə Ayı kimi qeyd olunur və bu Mərkəzə həyata keçirilən bu ziyarət də cəmiyyətin inkluziv üzvlərinə dəstək məqsədi daşıyan sosial təşəbbüslərdən biridir.